“İnklüzivliyə doğru növbəti addım” - Şamaxıda konfrans
Bakı, 28 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Şamaxı şəhər 2 saylı tam orta məktəbdə Bakı Slavyan Universiteti (BSU) və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnklüzivliyə doğru növbəti addım” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışından öncə BSU-nun nümayəndə heyəti məktəbin Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu Öndərin keçdiyi şərəfli, zəngin həyat yolunun müxtəlif dövrlərini əks etdirən məlumatlar, kitablar və fotolarla tanış olublar.
Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Konfransda sıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunduğunu deyib. O, regionlarda inklüziv təhsillə bağlı universitet, yerli icma və məktəblər, təhsil müəssisələri arasında müzakirə və fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb, konfransın iştirakçılar üçün faydalı olacağından əminliyini ifadə edib.
BSU-nun tədris işləri üzrə prorektoru Ənvər Abbasov məktəblərdə inklüziv təhsilin qurulması zərurətindən və müasir dövrdə inklüziv təhsilin əhəmiyyətindən söz açıb. İnklüziv təhsillə bağlı təbliğat işinin də vacibliyini qeyd edən prorektor BSU-da İbtidai təhsil kafedrasında inklüziv təhsil qrupunun yaradıldığını deyib.
Elmi işlər üzrə prorektor Nailə Xəndan və Təhsil fakültəsinin dekanı Sevinc Axundova gələcək birgə əməkdaşlıq üçün konfransın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda BSU-da inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımlar atıldığı diqqətə çatdırılıb, beynəlxalq ekspertlərin, həmçinin qeyri-hökumət təşkilatlarının, dövlət idarələri və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə seminarların təşkil olunduğu vurğulanıb.
İbtidai təhsil kafedrasının müdiri Aytəkin Axundova BSU tələbələrinin könüllü kimi layihənin işində fəal iştirak etdiyini, gələcəkdə məzunların əlilliyi olan uşaqlarla işləyən peşəkar kadrlar kimi formalaşdığıni bildirib.
Konfransda “İnklüziv təhsilin səmərəli həyata keçirilməsi üçün vacib olan şərtlər, sinif strategiyaları və yardımçı təlim texnologiyaları” mövzusunda məruzə dinlənilib. Bölgələrdə əlilliyi olan uşaqların təhsilə yönəldilməsinin vacibliyi qeyd edilib.
Sonra BSU-nun nümayəndə heyəti ADPU-nun Şamaxı filialında olub.