İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNAN BÜLLETENİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Avropa Şurasının Azərbaycandakı nümayəndəliyində bu təşkilatın dəstəyi ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan dilində nəşr olunan bülleteninin təqdimat mərasimi keçirilmişdir.
Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek bildirmişdir ki, bülleten Azərbaycan Hüquqşünasları Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Bakı Hüquq Mərkəzi tərəfindən hazırlanmışdır. Dərgi hər rübdə bir dəfə 1000 tirajla nəşr ediləcək və pulsuz paylanacaqdır. V.Kotekin dediyinə görə, bülletendə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 23 ölkə barəsində çıxardığı qərarlar öz əksini tapmışdır.
Tədbirdə çıxış edən bülletenin baş redaktoru, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, redaksiya şurasının üzvü, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov dərginin Azərbaycan hüquqşünasları üçün faydalı, lazımlı vəsait olacağına əminliklərini ifadə etmişlər. Bildirilmişdir ki, Azərbaycan 8 ildir ki, Avropa insan Hüquqları Konvensiyasını təsdiq etmişdir. Yeni hüquq məkanında fəaliyyət zamanı bu cür materialların öyrənilməsi olduqca vacibdir. Azərbaycanın Avropaya inteqrasiyasına, eləcə də ölkəmizdə hüquq elminin inkişafına müsbət təsir göstərəcəkdir.
Jurnal məhkəmələrə, mərkəzi icra hakimiyyəti orqanlarına və kitabxanalara paylanacaqdır.
######
