İnstitut direktoru: Belaruslu həmkarlarımızla bioloji aktiv əlavələrin yaradılması istiqamətində tədqiqatlar aparacağıq
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi ilə birgə elan etdiyi birgə layihə müsabiqələrinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” layihəsi qalib seçilib. 2018-2020-ci illər üçün nəzərdə tutulmuş bu layihəyə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və Belarus Milli Elmlər Akademiyasının Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutunun laboratoriya rəhbəri, biologiya elmlər doktoru, dosent Liliya Nadolnik İvanovna rəhbərlik edirlər.
Son illər heterotsiklik birləşmələr kimyası sahəsində mühüm tədqiqatların aparıldığını bildirən V.Fərzəliyev deyib: “Hazırda bu birləşmələr tibbin, texnikanın, sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur. Dünyada bu sahədə aparılan çoxlu sayda elmi-tədqiqat işlərinə rast gəlmək mümkündür. Ancaq bu tədqiqatlar içərisində müxtəlif katalizatorlar iştirakında funksionaləvəzli triazintionlardan ibarət bioloji fəal maddələrin sintezi, çevrilmələri, onların fərqli və müqayisəli metodlarla bioloji fəallığının ətraflı tədqiqinə ümumiyyətlə rast gəlinmir. Bu səbəbdən tibdə tətbiq edilməsi mümkün olan, tərkibində azot və kükürd atomları saxlayan yeni bioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi, onların əsasında yeni, daha təsirli bioloji fəal əlavələr və dərman preparatların yaradılması əsas elmi ideya seçilib”.
Akademik vurğulayıb ki, layihə çərçivəsində 2018-2019-cu illərdə tərəfdaş beynəlxalq təşkilatla yeni bioloji fəal birləşmələrinin sintezi, onların tərkib və quruluşlarının bioloji fəallığa təsirinin öyrənilməsi, onların əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması sahəsində sistemli tədqiqatlar aparılacaq.