İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin internet saytı istifadəyə verildi
Naxçıvan, 23 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yeni internet saytı müasir proqram təminatı və yeni tərtibatda hazırlanaraq istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə mərkəzin direktoru Turqut Əsədov internet saytının müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə verildiyini bildirib.
Qeyd olunub ki, yenilənmiş saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir. nakinternet.az adı ilə fəaliyyət göstərən yeni sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib və yeni modullar əlavə edilib.
Sonra mərkəzin əməkdaşı Şahin İsmayılov yenilənən internet saytı təqdim edib. Bildirib ki, sayt 6 bölmə, 17 alt bölmə və 16 moduldan ibarətdir. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün mərkəzin ünvanı, əlaqə telefonu və elektron poçt ünvanı yerləşdirilib.
Həmçinin vətəndaşların sorğularının cavablandırılması və göstərilən xidmətlər haqqında məlumatlandırılması üçün 116 “Qaynar xətti” yaradılıb. Mərkəzə elektron formada müraciət etmək üçün “Elektron müraciət” bölməsi də yaradılıb.