“İpək Yolu”nun bərpası üzrə layihənin reallaşmasında ümummilli lider Heydər Əliyevin mühüm rolu olub
Bu fikir Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin memuarları əsasında çəkilmiş filmdə əksini tapıb
Tbilisi, 14 iyul, AZƏRTAC
Tbilisidə, Şoto Rustaveli adına Dövlət Akademik Dram Teatrında “An, işgəncə, anilik” sənədli filminin təqdimatı olub.
Filmdə Gürcüstanın sabiq Prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri mərhum Eduard Şevardnadzenin həyatından, siyasi fəaliyyətindən, Moskvada işlədiyi dövrlərə dair xatirələrindən, dostlarından bəhs olunur.
Ekran əsərində böyük “İpək Yolu”nun bərpası üzrə layihədən də danışılır. Bu layihədən söhbət açılarkən E.Şevardnadze Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə dostluğundan bəhs edir: “Hələ SSRİ-nin xarici işlər naziri işləyərkən Rusiyanın Vladivastok şəhərində bu layihə barədə söhbətimiz olub. Asiya ilə Avropanı birləşdirəcək layihənin həyata keçirilməsində dostum Heydər Əliyevin mühüm rolu olub”.
Filmdə, bu layihənin reallaşdırılması ilə əlaqədar sonradan Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin tez-tez görüşdüklərindən, birgə fəaliyyətlərindən danışılır.
Eduard Şevardnadzenin memuarları əsasında çəkilmiş filmin prodüsseri onun qızı Manana Şevardnadze, ideya müəllifi və rejissoru isə Nanuka Kiknadzedir.
M.Şevardnadze deyib: “Eduard Şeverdnadzenin memuarları 2004-cü ildə nəşr olunub. Filmin bütün mətni memuarlardan götürülüb. Bu sənədli filmdə Eduard Şeverdnadzenin bütün həyatına dair çoxsaylı fotolar, videolar və kinomateriallar toplanıb.
Təqdimat mərasimində Gürcüstan hökumətinin və ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi