CƏMİYYƏT
“İqlim dəyişikliyinin dayanıqlı heyvandarlığın inkişafına təsiri” adlı konfrans keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ) birgə təşkilatçılığı ilə Göygöl “İqlim dəyişikliyinin dayanıqlı heyvandarlığın inkişafına təsiri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-tədqiqat institutları, AMEA-nın Aqrar Problemlər İnstitutu, Naxçıvan Muxtar Respublikasının Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu, ADA Universiteti, Azərbaycan Texnologiya İnstitutu, Türkiyə Respublikasının Aksaray Universitetinin rəhbər şəxsləri, həmçinin kənd təsərrüfatı mütəxəssisləri, bölgələrdən olan fermer və sahibkarlar iştirak ediblər.
Konfransda çıxış edən HETİ-nin direktoru Mahir Hacıyev qeyd edib ki, COP29 kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. “Kənd təsərrüfatı sektoru, qlobal iqlim dəyişikliyinin təsirlərinə ən həssas sahələrdən biridir. İqlim dəyişikliyi məhsul istehsalı, torpaq məhsuldarlığı, su təchizatı və kənd təsərrüfatı ekosistemləri üzərində böyük təsirlərə malikdir. Buna görə də, kənd təsərrüfatının iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün bir sıra tədbirlər və strategiyalar tətbiq olunur”, - deyə o əlavə edib.
Tədbirdə iqlim dəyişiklikləri və heyvandarlığın əlaqəsi, dayanıqlı heyvandarlıq təcrübələri, texnologiya və yeniliklər, iqtisadi və sosial təsirlər mövzusunda müzakirələr aparılıb.
Daha sonra konfrans işini “Heyvan genofondunun qorunub saxlanması, istiliyə dözümlü yeni heyvan tiplərinin və cinslərinin yaradılması” mövzusunda panel sessiyada davam etdirib. Sessiyada Rusiya, Belarus, Türkiyə və Azərbaycandan olan mütəxəssislər müxtəlif aktual mövzular üzrə geniş təqdimatlar edib, məruzələr səsləndiriblər.
Konfrans iki gün davam edib.