İqtisadi böhranı aradan qaldırmaq üçün Aİ-yə 1,5 trilyon avro lazım ola bilər
Bakı, 20 aprel, AZƏRTAC
Koronavirus pandemiyanın nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının iqtisadiyyatına 1,5 trilyon avro lazım gələ bilər.
AZƏRTAC “Der Spiegel” jurnalına istinadla xəbər verir ki, bu proqnozu iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Paolo Centiloni səsləndirib.
“Böhranın aradan qaldırılması üçün 1,5 trilyon avro həcmində yardım lazım gələ bilər”, - deyə Paolo Centiloni bildirib. O, Avropa Qrupunun bir qədər öncə səhiyyə sisteminin maliyyəsi, həmçinin kiçik və orta biznes nümayəndələrinə dəstək üçün 500 milyard avro həcmində plan təklif etdiyini xatırladıb. “Bundan başqa, hələ ən azı 1 trilyon avro vəsait də lazım gələcək”, - deyə Avropa komissarı əlavə edib.
“Çox vaxt hazırda ehtiyac duyduğumuz Marşall Planından danışırıq. Xatırlayın, həmin proqram çərçivəsində nəzərdə tutulan vəsait II Dünya müharibəsi başa çatdıqdan iki il sonra yönəldilmişdi. Virusun bizimlə sülh bağlamasına qədər gözləyə bilmərik və bərpa tədbirləri artıq indidən, payız-yay aylarında başlamalıdır”, - deyə o qeyd edib.
Paolo Centiloninin sözlərinə görə, Avropa İttifaqı “bərpa üzrə məsələlərin maliyyəsi üçün ümumi alətə” ehtiyac duyur. Əks-təqdirdə avrozonada və daxili bazarda iqtisadiyyatlar arasında çox böyük fərq yarana bilər.
Komissar, həmçinin Beynəlxalq Valyuta Fondunun bu il avrozonada ümumdaxili məhsul həcminin 7,5 faiz aşağı düşəcəyi barədə proqnozunu “çox realistik” adlandırıb və vəziyyət pisləşərsə, Avropanın həm cənubunda, həm də şimalında populistlərin güclənə biləcəyi barədə xəbərdarlıq edib.