İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Budapeştə öz tövsiyələrini verib
Budapeşt, 25 fevral, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Macarıstan əhalisinin qocalması probleminə diqqət yetirib. AZƏRTAC xəbər verir ki, bu təşkilat Viktor Orban hökumətinə qanunla müəyyən edilmiş pensiya yaşını 2022-ci ilə qədər 65 yaşa çatdırmağı və ölkədə orta ömür müddətinin artması nəzərə alaraq bu göstəriciyə bundan sonra da düzəlişlər etməyi məsləhət görüb.
Bütün pensiyaçıların minimum gəlirini təmin etmək üçün pensiya yaşı çatmadan pensiyaya çıxmaq hallarından imtina etmək və baza məbləğində dövlət pensiyaları tətbiq etmək təklif olunub.
Təşkilat Macarıstanda səhiyyə məsələsinə də diqqət yetirərək bütün səhiyyə sisteminin səmərəliliyini artırmağın, o cümlədən ambulator xidmətin genişləndirilməsi hesabına xəstəliyə görə işə çıxmamaq hallarının azaldılmasının, stasionar tibbi yardımın az sayda, lakin yaxşı təchiz olunmuş və ixtisaslaşdırılmış xəstəxanalarında cəmləşməsinin zəruri olduğunu göstərir.
İƏİT Macarıstanda ekoloji vəziyyəti sağlamlaşdırmaq üçün tövsiyə edir ki, yol rüsumları və vergiləri müəyyən olunarkən nəqliyyat vasitələrinin ekoloji göstəriciləri daha ciddi nəzərə alınmalıdır. Təşkilat şəhərlərdə havanın keyfiyyətini artırmaq məqsədilə ictimai nəqliyyatın işini yaxşılaşdırmaq üçün yolların həddən artıq yüklənməsinə görə ödəniş tətbiq olunmasını, səmərəsiz isitmə sistemlərinin müasir sistemlərlə əvəz edilməsi üçün vergi stimullaşdırması vasitələrindən istifadə etməyi məsləhət görür.