İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
“Damazlıq quşçuluq təsərrüfatının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Abşeron Reproduktor Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.
Müsabiqədə Azərbaycan Respublikasının investorları ilə yanaşı, xarici sərmayəçilər də iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, quşçuluq sənayesi, damazlıq yumurta və quş əti istehsalının təşkili sahəsində qabaqcıl təcrübəyə malik olan iddiaçıya üstünlük veriləcəkdir.
İnvestisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar iş yerlərinin bərpası, seleksiya-damazlıq və reproduksiya işlərinin müasir səviyyədə təşkili, istehsalat sahələri /inkubasiya, yetişdirmə/ üzrə müasir texnologiyaların tətbiqi, kəsmə sexinin yaradılması, tamrasionlu yem istehsalının təşkili, müasir laboratoriya avadanlığının tətbiqi, yem təchizatı üzrə yerli fermerlərlə əməkdaşlığın təşkili, işçilərin sosial təminatı, müəssisənin bina və tikililərinin əsaslı təmiri və bərpası həllini özündə əks etdirən investisiya Proqramı təqdim etməlidir. Müsabiqənin qalibi tərəfindən “Abşeron Reproduktor Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinə investisiya qoyuluşu yeni avadanlığın quraşdırılması və müasir texnologiyaların tətbiqinə, əhalinin yumurta və quş əti ilə təminatının yaxşılaşdırılmasına, yem istehsalı ilə məşğul olan fermer təsərrüfatlarının inkişafına, ildə 40 milyon ədəd yumurta istehsalına imkan verəcəkdir. Müəssisədə 180-200 nəfər işlə təmin olunacaqdır.
İddiaçılar həmçinin, 1 milyard 200 milyon manatdan az olmamaq şərtilə pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə, 40 min ədəddən az olmamaqla özəlləşdirmə çeklərinin /xarici investor olduqda, həm də müvafiq sayda özəlləşdirmə opsionlarının/ təqdim edilməsinə dair təkliflər verməlidir.
Müsabiqənin qalibi 30 iş günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, təklif etdiqi sayda dövlət özəlləşdirmə çeklərini İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinə təqdim olunmasını, investisiyanın ümumi həcminin Investisiya Proqramı ilə müəyyən edilmiş 5 faizə qədər hissəsini pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflər 2001-ci il oktyabrın 10-dək qəbul ediləcəkdir. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə 2001-ci il oktyabrın 12-dən başlayaraq həyata keçiriləcəkdir.