İQTİSADİYYAT
İqtisadiyyat naziri: SOCAR cari ilin birinci rübünün nəticələri ilə artan tendensiyanı qoruyur
Bakı, 16 iyul, AZƏRTAC
İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
O bildirib ki, SOCAR, “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank ötən ili əməliyyat mənfəəti ilə başa vurublar: “Bu şirkətlərin əksəriyyəti tərəfindən dividend ödənilməsi imkanını müsbət qiymətləndiririk. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda, 2022-ci ilin birinci rübünün nəticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur”.