İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də İqtisadiyyat və Sənaye Nazirliyinin Mərkəzi Aparatında Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları şəhidlərinin xatirəsini ehtiramla yad etmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışmış, sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışdır. Qeyd edilmişdir ki, imperiya rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik arzusunu boğa bilməmiş, əksinə, xalqı daha da birləşdirmiş, mübarizliyini artırmışdır.
N.Səfərov ulu öndər Heydər Əliyevin hadisələrin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin təşkilatçılarını qəzəblə ittiham etdiyini, onların cəzalandırılması tələbini irəli sürdüyünü diqqətə çatdırmışdır. Bildirilmişdir ki, məhz Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə mühüm qərarlar qəbul edilir, dövlət səviyyəsində geniş tədbirlər həyata keçirilir.
Mərasimdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş, həmin qanlı gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli oyanış günü olduğunu vurğulamışlar.