İRAN PREZİDENTİ AZƏRBAYCANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Avqustun 22-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.
İran dövlətinin başçısı səfərinin gedişindən, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarından məmnun qaldığını bildirərək vurğuladı ki, Bakıda imzalanmış sazişlər ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəkdir.
Baş nazir A.Rasizadə iqtisadi sahədə Azərbaycan-İran əlaqələrinin inkişafından danışaraq dedi ki, bu, hər iki dövlətin mənafelərinə xidmət edir. Baş nazir Azərbaycanda son illər qazanılan uğurlardan danışdı, regionda böyük enerji və nəqliyyat layihələrinin ölkəmizin təşəbbüsü, iştirakı və dəstəyi ilə həyata keçirildiyini dedi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.