İranda İslam inqilabının banisi İmam Xomeyninin vəfatının ildönümü qeyd olunur
Tehran, 4 iyun, AZƏRTAC
Bu gün İran İslam İnqilabının banisi Ayətullah Seyid Ruhulla Xomeyninin vəfatının 29-cu ildönümüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə İranın Tehran, Təbriz, İsfahan, Şiraz və digər böyük şəhərlərində mərasimlər keçirilir.
Tehranda keçirilən mərasimdə çıxış edən İran Prezidenti Həsən Ruhani ölkə gənclərini Seyid Ruhulla Xomeyninin kitablarını oxumağa, onun fikirlərini dərindən öyrənməyə çağırıb. Qeyd olunub ki, məhz Seyid Ruhulla Xomeyninin rəhbərliyi ilə baş verən inqilab İrana müstəqillik və azadlıq bəxş edib. İnqilabdan sonra İran geridə qalmış bir region ölkəsindən dünya siyasətində özünəməxsus yeri və rolu olan dövlətə çevrilib.
Seyid Ruhulla Xomeyni 1902-ci ildə İranın Xomeyn şəhərində anadan olub. Gənc vaxtlarından dini təhsilə maraq göstərib. İrandakı şah rejiminə qarşı mübarizə apararaq dəfələrlə həbs edilib. İranın firavan yaşaması üçün çıxış yolunu İslam inqilabında görən Seyid Ruhulla Xomeyni tez bir zamanda İran xalqı tərəfindən dəstəklənib. Pəhləvilər sülaləsi bundan ehtiyat edərək ona qarşı təqibi artırıb və siyasi fəaliyyətinə qadağa qoyublar. Təqiblərdən yaxa qurtarmaq üçün İrandan mühacirət etmək məcburiyyətində qalan Xomeyni İraq, Türkiyə, Küveyt və Fransada mühacir həyatı yaşayıb. Uzaqda yaşamasına baxmayaraq, Xomeyni İran inqilabına rəhbərlik edib. Məhz onun rəhbərliyi ilə 1979-cu ildə İranda İslam inqilabı baş verib və Xomeyni ölkəyə qayıdaraq dövlətə rəhbərlik etməyə başlayıb.
Seyid Ruhulla Xomeyni 1989-cu ilə Tehranda vəfat edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran