“İrəli” İctimai Birliyi Respublika Gününü silsilə tədbirlərlə qeyd edib
Bakı, 28 may, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünü silsilə tədbirlərlə qeyd edib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, qurumun təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan “Üçrəngli tarix” adlı tədbirlər planı çərçivəsində “İrəli” gənclərinin Gəncəyə səfəri baş tutub.
Səfər zamanı Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyət göstərdiyi binaya və Cümhuriyyət muzeyinə ekskursiya təşkil edilib. Gənclər parlament binasında Bakı Media Mərkəzinin istehsalı olan “Son iclas” filmini izlədikdən sonra bu mövzuda “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər.
Gəncəyə səfər zamanı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alaraq raket zərbəsi endirdiyi ərazi də ziyarət olunub. Gəncədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad edən “İrəli” gəncləri xiyabandakı “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyaraq, ölməz qəhrəmanlara dərin ehtiramlarını bildiriblər.
Silsilə tədbirlər çərçivəsində “İrəli”nin təşkilatçılığı ilə “Axtar tap” intellektual oyunu keçirilib. Cümhuriyyət tarixinə həsr olunan oyunda gənclər Bakının müxtəlif nöqtələrində mövzu üzrə hazırlanan sualların cavablarını ipucları vasitəsilə məhz həmin məkanlarda taparaq mobil tətbiq üzərindən cavablandırıblar.
Bundan başqa, “İrəli” İctimai Birliyinin ofisində mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla “Tarixin ədaləti: Cümhuriyyətdən Böyük Zəfərə - Azərbaycan” mövzusunda seminar keçirilib. Seminarda Cümhuriyyət dövrünün tədqiqatçısı və bu mövzuda bir çox əsərlərin, araşdırmaların müəllifi, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd gənclərin qonağı olub. D.Əhməd Cümhuriyyətin yaranması, həmin dövrdə ictimai-siyasi vəziyyət, İrəvan, Naxçıvan, Qarabağ və Zəngəzur məsələləri, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında məlumatları gənclərin diqqətinə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədalətin bərpa edildiyini, Azərbaycanın ərazi bütövlüyünə qovuşduğunu vurğulayıb, bu şanlı Qələbənin Cümhuriyyət dövründə erməni separatçılığı ilə mübarizə aparmış həmvətənlərimizin də ruhunu şad etdiyini bildirib. Həmçinin Prezident İlham Əliyevin qətiyyəti sayəsində regionda formalaşmış yeni siyasi reallıqlar kontekstində tarixi Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər yeni tariximizin şanlı səhifələrindən biri kimi xüsusi vurğulanıb.
Tədbirdə 1918-ci ildə ermənilərin Qarabağı ələ keçirmək cəhdlərinə qarşı mübarizə və Prezident İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə qarşı uğurla aparılmış Vətən müharibəsi müqayisəli şəkildə təhlil edilib, mənfur qonşularımızın heç vaxt çirkin əməllərindən əl çəkmədikləri qeyd olunub. Bildirilib ki, bir əsr əvvəl Cümhuriyyəti quranlar var qüvvələri ilə çalışsalar da, məlum səbəblərə görə dövlət müstəqilliyini qorumaq mümkün olmayıb. Nəticədə ermənilərin yenidən fəallaşan pozuculuq əməllərinin qarşısı tam alınmayıb. Vətən müharibəsi zamanı isə dövlətimizin başçısının rəhbərliyi ilə həm siyasi müstəvidə, həm də döyüş meydanında düşməni əzən “Dəmir Yumruq” Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və vətənpərvər ruhda yetişən gəncliyin əzmini təcəssüm etdirdi.
Tədqiqatçının Cümhuriyyət dövrünə aid bir neçə orijinal kolleksiya nümunəsini - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xatirə medalını, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabının 1923-cü ilə aid imzalı nüsxəsini gənclər üçün sərgiləməsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə, həmçinin gənclərin sualları cavablandırılıb.
Silsilə tədbirlər çərçivəsində “İrəli” İctimai Birliyinin kollektivi mayın 28-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını, “Türk şəhidliyi” memorial kompleksini ziyarət edib.