İRİA və KOICA-nın birgə keçirdiyi akselerasiya və mentorluq proqramına yekun vurulub
Bakı, 28 fevral, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) həyata keçirdiyi “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi” proqramına yekun vurulub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, universitet tələbələri və müəllim heyəti üçün nəzərdə tutulan proqram çərçivəsində startaplar və startaplar üçün mentorluq fəaliyyəti göstərən şəxslərə təlimlər keçirilib. Koreyalı təlimçilərin iştirakı ilə 11 startap komandası və 20 mentor proqramı uğurla başa vurub. Təlimlər Dövlət İdarəçilik Akademiyasında keçirilib.
Proqramın məqsədi ölkənin startap ekosistemində sağlam innovasiya mühitini formalaşdırmaq, rəqabət qabiliyyətini gücləndirmək və yeni ekosistem oyunçularının bazara daxil olmasını təşviq etməkdir.
Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov layihə iştirakçılarını təbrik edərək, bunun Azərbaycan tələbələri və müəllimləri üçün perspektiv baxımından yaxşı imkanlar açacağını diqqətə çatdırıb.
Koreyadan gəlmiş təlimçilər layihənin mahiyyəti və gənclərlə iş zamanı keçdikləri yoldan danışıb, gənclər üçün bu tipli layihələrin davam edəcəyini bildiriblər.
Agentliyin nümayəndələri proqramın mahiyyəti, gənclərə faydası və sözügedən layihə çərçivəsində Koreya ilə əməkdaşlığın perspektivlərindən söz açıb.
Yekunda proqram iştirakçılarına koreyalı təlimçilər tərəfindən diplom və sertifikatlar təqdim olunub.
Universitet kollektivi, proqram iştirakçıları, koreyalı təlimçilər birlikdə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə cari il yanvarın 26-da start götürmüş “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi” proqramı SAP (startup akselerasiya proqramı) və TTT (Təlimçilərin təlimi proqramı) olmaqla 2 hissədən ibarətdir. Təlimlər çərçivəsində ekosistemdə mövcud olan startapların inkişafına töhfə verəcək sürətləndirmə proqramı keçirilib. Eyni zamanda, Asiya startap ekosisteminin xüsusiyyətləri və metodları öyrədilib. Proqramın digər hissəsi olan TTT çərçivəsində isə Azərbaycan universitetlərində çalışan müəllim və rəhbər şəxslərə startap mentorluğu təlimi keçirilib.