İRNA saytında Azərbaycanın tarixi Qələbəsindən bəhs edən analitik məqalə dərc olunub
Tehran, 11 dekabr, AZƏRTAC
İranın İRNA saytında Azərbaycanın tarixi Qələbəyə imza ataraq Qarabağı işğaldan azad etməsindən bəhs edən analitik məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda Daqlıq Qarabağ münaqişəsinin tarixinə toxunulub. Qeyd olunub ki, Sovet İttifaqının dağılması ərəfəsində başlayan bir problemin sülh yolu ilə həll olunması üçün 1994-cü ildə Rusiya, Fransa və ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupu yaradıldı. Lakin 28 il keçməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində ədaləti əks etdirən heç bir iş görülmədi. Nəhayət Azərbaycan xalqının və dövlətinin səbir kasası doldu. Rəsmi Bakı işğal olunan ərazilərinin sülh yolu ilə geri qaytarılmayacağını başa düşdü və torpaqlarını müharibə yolu ilə azad etdi.
Materialda İranın Azərbaycanın haqlı olduğunu və rəsmi Tehranın hər zaman yaxın dost Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan İran ilə həmsərhəd olan rayonlarını da işğaldan azad edib ki, bu da qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün zəmin yaradıb. Yaxın gələcəkdə 130 kilometrlik İran-Azərbaycan sərhədində yeni sərhəd-keçid məntəqələri yaranacaq və əlqələrin inkişafı təmin ediləcək.
Birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz doğma yurd-yuvalarından qaçqın düşmüşdülər. İndi Azərbaycan hökuməti onların geri qayıtmasını təmin edəcək.
Materialda o da nəzərə çatdırılıb ki, Azərbaycan işğaldan azad etdiyi rayonlarını bərpa edəcək və İran şirkətləri bu işdə iştirak etməyə hazırdırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran