“İrs” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub
Pekin, 26 dekabr, AZƏRTAC
Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın bu sayında ölkəmizin mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasətinə və dinamik həyatına aid məlumatlar yer alıb. Jurnalın baş redaktoru Musa Mərcanlı giriş sözündə Azərbaycanın bütün bu sahələr üzrə qazandığı uğurları ümumiləşdirərək, ölkəmizin regionda hər bir sahədə aparıcı rol oynadığını qeyd edib.
“İrs” jurnalının Çin dilində budəfəki buraxılışının əsas mövzusu Qarabağdır. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşaraq tarixi Azərbaycan ərazisində qurulmuş Qafqaz Albaniyası haqqında məqalə diqqəti cəlb edir. Qarabağ ərazisində tikilmiş alban kilsələri, onların memarlığı, bölgədə oynadığı rol geniş təhlil edilib. Nəzərə alsaq ki, təxminən 30 il ermənilər tərəfindən işğal altında qalan, jurnal çapa hazırlanan dövrdə azad olunan Qarabağ torpağında düşmən tərəfindən dağıdılmış, ilkin görünüş və forması dəyişdirilmış bu qədim xristian abidələrini özününküləşdirməyə cəhd edən mənfur qonşuların son vaxtlardakı isterikaları fonunda bu məqalə çinli oxucular üçün maraqlı olacaqdır.
Professor Tahir Əmiraslanovun Qarabağın mətbəx mədəniyyəti haqqında məqaləsində Qarabağ yeməklərinin Azərbaycanda xüsusi dadı və müxtəlifliyi ilə seçilən mətbəx olduğu qeyd olunub. Qarabağ yeməkləri onu hazırlayan insanların əlinin dadı ilə bərabər, eyni zamanda, Qarabağ torpağında yetişən bitki örtüyü, o torpaqda bəslənən heyvan və quş ətindən hazırlanması ilə fərqlənir. Bildirilib ki, 30 ilə yaxın bir dövrdə bu daddan bir qədər uzaq düşsək də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz işğal altındakı torpaqları azad edərək Azərbaycana Qarabağ dadını da qaytarıb.
Jurnalın bu sayında Azərbaycanın memarlıq irsi haqqında yazılar arasında Qafqazın mühüm ipəkçilik mərkəzi olan Şəki şəhərinin tarixi, memarlıq abidələri, ənənələri, sənətkarlığı, UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsi barədə məqalə də var. Bu sayda, həmçinin Azərbaycanın tarixi şəhəri olan, hazırda isə işğalçı ölkənin paytaxtı olan İrəvanda azərbaycanlıların tikib-yaratdıqları qala və qəsrlər haqqında yazı təqdim olunub.
“İrs” jurnalında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə araşdırma institutunun elmi işçisi Yan Cinnin ilk dəfə 2013-cü ildə səfər etdiyi Azərbaycanın son illər ərzində yüksək inkişafının şahidi olmasına dair təəssüratları da əksini tapıb. Çinli alimin ölkəmizin müxtəlif yerlərinə səfəri zamanı əhalinin onu tanımaya-tanımaya evlərinə dəvət etmələri, süfrə açması onu çox təəccübləndirib.
Müasir Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrində, o cümlədən Çin ilə gündən-günə artan əməkdaşlığında mühüm yerə sahib olan Ələt qəsəbəsində yaradılmış beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun limanda görülən işlər haqqında və ölkəmizin “Bir kəmər, bir yol” beynəlxalq layihəsində özünəməxsus yeri olmasına dair geniş məqaləsi də böyük maraq doğurur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin