İşğaldan azad edilmiş ərazilərdə zəngin faydalı qazıntı yataqlarının axtarışı gedir
Bakı, 2 fevral, AZƏRTAC
Yeraltı və yerüstü su ehtiyatlarına görə Azərbaycan çox zəngin ölkələr sırasına aid deyil. Ona görə də geoloqlar davamlı olaraq yeraltı içməli şirin və termal-mineral suların axtarışı istiqamətində böyükhəcmli kəşfiyyat işləri aparırlar. Azərbaycanda 11 belə yeraltı şirin su hövzəsi kəşf edilib. Həmin hövzələr ölkəmizin içməli su ilə təminatına imkan verir. Lakin bu istiqamətdə yenə də dinamik geoloji axtarış işlərinin aparılmasına ehtiyac var. Çünki qlobal iqlim dəyişmələrinə görə bəzən su ehtiyatlarının qıtlığından əziyyət çəkə bilərik. Prezident İlham Əliyevin ötən il iyulun 27-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yeraltı sulardan qənaətli istifadənin davam etdirilməsi və ehtiyatların artırılması istiqamətində fəaliyyət planı hazırlanıb. Ölkəmizdə həmin sahədə genişmiqyaslı fəaliyyətə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.
“Regionda baş verən sosial-iqtisadi və siyasi dəyişikliklər Milli Geoloji Kəşfiyyat Xidmətinin strateji plan və prioritetlərində bir sıra ciddi düzəlişlərə zəmin yaradıb. İşğaldan azad edilmiş ərazilərimizdə zəngin faydalı qazıntı yataqlarının - filiz, qeyri-filiz, inşaat materialları, yeraltı su ehtiyatlarının axtarışı gedir. Deməli, ən yaxın perspektivdə bizim əsas prioritetlərimiz işğaldan azad edilmiş ərazilərdə mövcud mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsidir”, - deyə Ə.Əliyev qeyd edib.