İsmayıllının Tircan kəndinin normal su təchizatı ilə əlaqədar mühəndis araşdırmaları aparılacaq
İsmayıllı, 14 may, AZƏRTAC
İsmayıllı rayonunun Tircan kəndinin normal su təchizatı ilə əlaqədar verilən təkliflərlə əlaqədar mütəxəssislər tərəfindən araşdırmalar aparılacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qədim tarixə malik Tircan kəndində onilliklərdir normal su təchizatı ilə əlaqədar çətinliklər vardır. Əvvəllər sakinlər suyu kəndin yuxarı hissəsindən, bulaqdan daşıyırdı. Artıq 8 ildir ki, bulaq suyu paylayıcı boru kəməri ilə evlərə verilir. Lakin bu, ildən-ilə artan tələbatı ödəmir. Kəndin coğrafi mövqeyi subartezian quyusunun qazılması üçün heç də əlverişli deyil. Ona görə də sakinlərin indiyədək istifadə edə bilmədiyi “Soltanbulaq” adlı yüksəklikdən suyun kəndə gətirilməsi təklifi mütəxəssislərin də diqqətini çəkib. Bu ərazidəki bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kənddəki su anbarına yönəldilməsi ilə bağlı mühəndis araşdırmalarının aparılacağı bildirilir.
Ümumiyyətlə, rayonun yaşayış məntəqələrində su təchizatı üzrə perspektivlərin araşdırılması üzrə tədbirlər davam etdiriləcək.