İSPANİYA İLƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIQ ÜÇÜN GENİŞ PERSPEKTİVLƏR VARDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirmişlər ki, xanım E.Salqado İspaniya hökumətinin Azərbaycana səfər edən ilk üzvü olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi sahədə əməkdaşlıq üçün geniş perspektivlər olduğunu demişdir. Qonaq İspaniya hökumətinin Azərbaycanda səfirlik açmaq haqqında qərar qəbul etdiyini diqqətə çatdırmışdır.
Nazir Elmar Məmmədyarov Azərbaycanda İspaniya ilə əlaqələrə böyük önəm verildiyini bildirmiş, həmçinin gələn il İspaniyanın ATƏT-ə sədrlik edəcəyini və bu baxımdan da əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Xanım E.Salqado İspaniyanın ATƏT-də sədrliyi çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan səyləri dəstəkləyəcəyinə, münaqişənin diplomatik vasitələrlə həllinə çalışacağına ümidvar olduğunu bildirmişdir. Hökumətinin həmişə çoxtərəfli əməkdaşlığı dəstəklədiyini bildirən ispaniyalı nazir, namizədliyi irəli sürüldüyü Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru vəzifəsində də bir sıra beynəlxalq səhiyyə problemləri ilə bağlı işlər görməyə hazır olduğunu diqqətə çatdırmışdır.
İspaniyanın səhiyyə sisteminin dünyanın aparıcı sistemlərindən biri olduğunu qeyd edən qonaq, DST daxilində də islahatların aparılmasına ehtiyac duyulduğunu, qurumun daha şəffaf, səmərəli və etibarlı təşkilata çevrilməsinin zəruriliyini vurğulamışdır.
Nazir E.Məmmədyarov da islahatların vacibliyini vurğulayaraq, DST-nin Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinə diqqətinin artırılacağına ümid etdiyini bildirmiş, beynəlxalq ictimaiyyətin bu problemə laqeyd qalmasının yaxşı hal olmadığını diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.