İSTANBULDA KEÇİRİLƏN VII AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISI BAŞA ÇATMIŞDIR
Xəbər verdiyimiz kimi beynəlxalq forumun iclaslarında Azərbaycan nümayəndə heyəti də iştirak etmiş, aktual regional və beynəlxalq mövzular haqqında mövqeyimizi diqqətə çatdırmışlar.
Nümayəndə heyətimizin üzvlərinin forumdan kənar fəaliyyəti də təqdirəlayiqdir. Belə ki, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyənin bir sıra televiziya kanallarında çıxış etmiş və qəzetlərə geniş müsahibələr vermişdir. Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov nüfuzlu türk və xarici iş adamları ilə görüşmüşdür. ARDNŞ-ın və İqtisadi İnkişaf Nazirliyinin məsul əməkdaşları Valeh Əsgərov və Elşən Məmmədzadə ölkəmizdə aparılan neft siyasəti, iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişlər.
Forum iştirakçıları bir çox ölkələrin başçısının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, BMT-nin, Avropa Birliyinin terror aktları ilə əlaqədar etiraz bəyanatlarını məmnuniyyətlə qarşılamışlar. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri kimi nəhəng layihələrin regional, beynəlxalq, sülh və əmin-amanlıq üçün əhəmiyyətini vurğulamışdır.
Həmçinin belə beynəlxalq iqtisadi forumların əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Sentyabrın 4-də VII Avrasiya iqtisadi zirvə toplantısı öz işini başa çatdırmışdır.