İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib
İstanbul, 17 noyabr, AZƏRTAC
İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə təşkil edilib.
“Bir millət, iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunub. Mərasimdə hər iki qardaş ölkənin nümayəndələrinə, sənət, siyasət, idman və iş dünyası nominasiyaları üzrə mükafatlar təqdim edilib.
Tədbirdə “Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri” QSC ilin nailiyyət mükafatına layiq görülüb. Tədbirdə bu ali mükafat Azərbaycan Televiziyasının İstanbul təmsilçisi Nemət Əkbərliyə təqdim olunub.
"İlin ən yaxşı jurnalisti" mükafatına isə türkiyəli jurnalist Fulya Öztürk layiq görülüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul