İstanbulda “Zəfər media” mükafatının təqdimetmə mərasimi keçirilib
İstanbul, 29 mart, AZƏRTAC
Martın 29-da İstanbulda “Zəfər media” mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı, “Azərçay” və “Sirab” şirkətlərinin dəstəyi ilə reallaşıb. Tədbirdə Azərbaycanın 44 gün davam edən Vətən müharibəsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirakına görə Türkiyə və Azərbaycan media qurumlarına mükafatlar təqdim edilib.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İSBAM-ın rəhbəri, politoloq Samir Adıgözəlli Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı ardıcıl, düşünülmüş siyasətin nəticəsi olaraq Qarabağ münaqişəsi ədalətli həllini tapıb.
Mərasimdə Vətən müharibəsi dövründə media nümayəndələrinin fəaliyyətini və Zəfər paradını əks etdirən videoçarx nümayiş etdirilib.
Mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın Türkiyə bürosu da var.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul