İstehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Maştağa qəsəbəsində istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb.
Daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Məmmədov və M.Abbasov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Nəbiyev Sübhan Nazim oğluna məxsus toyuq əti hissələrinin və unlu məmulatların emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun etiketlənmə və markalanmanın həyata keçirilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, çalışan işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. İstehlaka yararsız müxtəlif növ məhsulların satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə çalışan işçinin dövri tibbi müayinə arayışları təmin edilənədək işdən kənarlaşdırılmasına və aşkarlanmış nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.