“İstiqlaliyyət günü: tariximizin şanlı səhifəsi” adlı beynəlxalq onlayn videokonfrans
Daşkənd, 28 may, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Özbəkistanın müxtəlif ali məktəblərində, mədəniyyət müəssisələrində yaradılan Azərbaycan ocaqlarının birgə təşkilatçılığı ilə 28 May-Respublika Günü ilə əlaqədar “İstiqlaliyyət günü: tariximizin şanlı səhifəsi” mövzusunda beynəlxalq onlayn - videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Lənkərandakı Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova xalqımızın milli özünüdərk, mənlik şüurunu özünə qaytaran, onun müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut edən və 103 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti, onun yaradılması və 70 ildən sonra yenidən xalqımızın istiqlaliyyətinə qovuşması, müstəqil Azərbaycanın qazandığı uğurlar barədə danışıb, müstəqilliyimizin möhkəmlənməsində, Azərbaycanın dünyada qüdrətli dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin uğurlu siyasət və xüsusi xidmətlərini qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 28 may - Respublika Günü ilə əlaqədar geniş məlumat verib, bütün iştirakçıları Vətən torpaqlarının azad olunması, əldə olunmuş Zəfər münasibətilə təbrik edib.
S. Abbasov qeyd edib ki, indi hər birimiz fəxrlə deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan dünya dövlətləri arasında inamla irəliləyir, böyük nailiyyətlər əldə edir və hər bir azərbaycanlının qürur duya biləcəyi bir dövlətə çevrilib. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki təcrübə bir daha sübut edir ki, yalnız müstəqilliyi qazanmaq deyil, onu qorumaq və inkişaf etdirmək də əsas məsələlərdəndir. S.Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun gerçəkləşdirdiyi siyasət nəticəsində Azərbaycanda dövlətçiliyin xilas olduğunu və bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycanın dünya dövlətləri arasında öz yerini tutduğunu, böyük nailiyyətlər qazandığını qeyd edib.
Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 28 may - Respublika Günü münasibətilə hazırlanan videoçarx nümayiş etdirilib.
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Azərbaycan dövlətini Respublika Günü, Vətən torpaqlarının azad olunması münasibətilə təbrik edib. Bu gün müstəqil Azərbaycanın qazandığı hər bir uğurun ona dost, qardaş olan ölkələri sevindirdiyini qeyd edən professor Azərbaycanın Özbəkistan üçün etibarlı müttəfiq və strateji tərəfdaş, münasibətlərimizin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
Özbəkistan "Turan" İnformasiya Kitabxana Mərkəzinin direktoru Nəsibə Əhmədova, Ucar, Qazax, Zərdab və Balakəndəki Heydər Əliyev mərkəzlərinin direktorları Mətanət Qəribova, Ceyhunə Hüseynova, Könül Rəhimova, Ləman Balayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva öz çıxışlarında Azərbaycan xalqının öz istiqlaliyyətini əldə etməsi, qazandığı uğurlar, cəmi 23 ay yaşamasına baxmayaraq Cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini gücləndirdiyini qeyd ediblər.
Özbəkistan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru, universitetdəki Azərbaycan ocağının rəhbəri Gülbahar Aşurova Azərbaycanın istiqlaliyyət gününə ən böyük hədiyyənin 30 il Ermənistanın işğalı altında qalan Vətən torpaqlarının azadlığa çıxması olduğunu qeyd edib, Özbəkistanın Xalq Şairi Camal Kamalın “Azərbaycan” şeirini söyləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd