RƏSMİ XRONİKA
İSTİRAHƏT PARKI ŞƏHƏRİMİZƏ VƏ YOL QOVŞAĞI KOMPLEKSİNƏ XÜSUSİ YARAŞIQ VERİR
Sonra Prezident İlham Əliyev tunelin üzərində salınmış parkla tanış oldu.
Paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılmış istirahət guşəsi şəhərimizə xüsusi yaraşıq verir. Burada hər cür rahatlıqla yanaşı, texniki təhlükəsizliyə nəzarət etməkdən ötrü bütün imkanlar yaradılmışdır. Belə ki, hərəkətə və tunelin fəaliyyətinə daimi nəzarət kameraları, fövqəladə hallarda polis, yanğından mühafizə və səhiyyə xidmətləri ilə dərhal əlaqə yaratmaq üçün xüsusi qurğular quraşdırılmış və nəzarət otağı tikilmişdir. İşıqlandırma sistemləri, əkilmiş ağaclar və dekorativ bitkilər buraya gözəl görkəm vermişdir.
Paytaxtın şimal qapısında salınan parkın, yol qovşağının istifadəyə verilməsi Novruz ərəfəsində gözəl bayram hədiyyəsidir.
X X X
Prezident İlham Əliyev Tbilisi prospekti ilə Cavad xan küçəsinin kəsişməsində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında inşa olunacaq tunelin sxemi ilə də tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verdilər ki, burada da nəqliyyatın gediş-gəlişinin asanlaşdırılması üçün tədbirlər görülür. Artıq körpü tikilmişdir, tunel də çəkiləcəkdir. Mətbuat prospektindən mikrorayonlara hərəkət edən nəqliyyat vasitələri bu tuneldən keçəcəkdir. Layihədə müəyyən dəyişiklik edilmiş, piyadalar üçün keçidlər də planlaşdırılmışdır. İşlərə bayramdan dərhal sonra başlanacaq və ümumi yol qovşağının tikintisinin ikinci mərhələsi çərçivəsində yerinə yetiriləcəkdir. Tbilisi pospekti və Cavad xan küçəsindəki müxtəlif səviyyəli yol qovşağı da ikinci mərhələdə inşa olunacaq və bütövlükdə, ölkəmizdə ən uzun qovşaq olacaqdır.
Bu ərazidə metrodan istifadə edənlərin və digər sərnişinlərin rahatlığı üçün mikroavtobusların xüsusi dayanacağı yaradılacaqdır. Tunel bu ilin oktyabrında istismara hazır olacaq və beləliklə, bu ərazidə tıxac problemi tamamilə aradan qaldırılacaqdır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, bu əzəmətli yol qovşağının da müasir standartlara cavab verdiyini, ən yüksək texnologiyanın tətbiq edildiyini, görünüşünün çox gözəl olduğunu vurğuladı. Dövlətimizin başçısı tikinti işlərini yüksək səviyyədə apardıqlarına görə inşaatçılara və sifarişçilərə təşəkkürünü bildirdi, müxtəlif istiqamətlərdə salınan yeni yolların sxemlərinə baxdı, nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması, tıxacların aradan qaldırılması məqsədi ilə bundan sonra da tədbirlərin görüləcəyini söylədi, lazımi tövsiyə və tapşırıqlarını verdi.