ELM VƏ TƏHSİL
İsveç alimlərinin hazırladığı kompyuter proqramı insanların 96 faizindən ağıllıdır
Bakı, 24 fevral (AZƏRTAC). İsveçin Qutenberq Universitetinin alimləri daha yüksək intellekt səviyyəsinə malik olan yeni kompyuter proqramı hazırlamışlar. Dünya əhalisinin 96 faizindən ağıllı olan proqram intellektual inkişaf (İQ) üzrə testləri 150 baldan yuxarı nəticə göstərməklə daha yaxşı həll edir.
Qeyd edək ki, bu günə kimi kompyuter proqramları İQ testlərini həll edərkən maksimum 90-100 bal arasında nəticə nümayiş etdirmişdilər.
Azəərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, popnano.ru saytının məlumatına görə, proqram insan kimi öyrənmək, yeni ardıcıllıqları və asılılıqları bilmək kimi xüsusiyyətlərə malikdir.
Proqram düzgün cavabları oxşar vəziyyətlərdə adi insanın etdiyi kimi məntiqi təfəkkürlə tapmağa çalışır. Digərləri ilə müqayisədə bir qədər ləng işləsə də, 170 mümkün baldan 150-ni yığa bilir ki, belə nəticəni planet əhalisinin yalnız 4 faizi ala bilər.
Alimlər bildirmişlər ki, onların hazırladıqları proqram riyaziyyat üzrə adi kompyuter əlavələrindən daha qabaqcıldır, çünki proqram riyaziyyat və psixologiyanı bir araya gətirir. Biz təkcə riyazi biliklərin yox, həm də baş verənlərin təhlili bacarığının da əsasını qoymuşuq.
Proqram daha geniş imkanlara malikdir. Müəyyən alqoritmlər əsasında hava proqnozu və insanların psixologiyasından güclü şəkildə asılı olan fond bazarının gedişatı barədə də qabaqcadan xəbər verə bilər.
İsveç alimləri ümid edirlər ki, gələcəkdə onlar təfəkkürün alternativ metodlarında sıçrayış edərək insan kimi düşünən robotun yaradılmasına da nail olacaqlar.