İsveç Madaqaskar və Panamadan övladlığa götürülmə prosesini dayandırır
Stokholm, 27 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçdə artıq övladlığa götürülmə mərkəzlərinin Madaqaskar və Panamadan olan uşaqların övladlığa götürülməsinə vasitəçilik etməsinə icazə verilmir.
AZƏRTAC xəbər verir ki, Mfof (Myndigheten för familjeratt och föraskapsstöd) Ailə hüququ və Valideyn dəstəyi İdarəsinin məlumatına görə, bu ölkələrdə övladlığa götürülmə fəaliyyətləri beynəlxalq qanunların, Uşaq Hüquqları Konvensiyasının və 1993-cü il Haaqa Konvensiyasının tələbləri ilə ziddiyyət təşkil edə bilər. 2000-ci illərdə Madaqaskardan İsveçə təxminən otuz uşaq övladlığa qəbul edilib. Bu yaxınlarda Mfof Madaqaskardan övladlığa götürülmə üzrə vasitəçiliyi davam etdirmək təklifini rədd edib, çünki Madaqaskarda uşaq alveri riski mövcuddur.
Mfof-un nəzərdən keçirdiyi övladlığa götürülmə müraciətlərindən birində uşaq doğuşdan cəmi bir gün sonra İsveç ailəsinə övladlığa verilib. İdarənin fikrincə, bu məsələ subsidiarlıq prinsipinə əməl olunub-olunmaması ilə bağlı sualların yaranmasına səbəb olur, çünki uşaq əvvəlcə ölkə daxilində, sonra isə onun hüdudlarından kənarda ailə ilə təmin edilməlidir.
Həm Fransa, həm də Danimarka bir müddət əvvəl Madaqaskardan övladlığa götürülmə prosesini dayandırıblar. BMT-nin Uşaq hüquqları komitəsi Madaqaskardakı Övladlığa Götürülmə Agentliyində ciddi problemlər aşkar edib. Keçən il BMT ölkəni qanunsuz beynəlxalq övladlığa götürülmənin başlıca səbəblərinin qarşısını almağa və aradan qaldırmağa çağırıb. Bu il Fransada dərc edilmiş hesabatda, Mfof-un da bildirdiyi kimi, "uşaq ticarəti riski" haqqında məlumatlar var.
Bu ilin əvvəlində Mfof, Övladlığa Götürülmə Mərkəzinin Panamadan övladlığa götürülmə ilə bağlı vasitəçiliyi davam etdirmək təklifini də rədd edib. 2011-ci ildə yarandığı gündən bəri, Övladlığa Götürülmə Mərkəzi Panamadan 9 övladlığa götürülmə hadisəsinə vasitəçilik edib.
Panamanın Övladlığa Götürülmə haqqında Qanunu bioloji anaya uşaq doğulmazdan əvvəl onun övladlığa götürülməsinə razılıq verməyə imkan yaradır. Bu isə 1993-cü il Haaqa Konvensiyasının tələblərinə ziddir.