SİYASƏT
İtaliya mətbuatı Azərbaycanın milli bayramı - Respublika Gününü geniş işıqlandırmışdır
Roma, 1 iyun (AZƏRTAC). İtaliyanın bir sıra xəbər saytlarında 28 May - Respublika Günü ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin məlumatı və Romada keçirilən rəsmi ziyafət barədə yazılar yerləşdirilmişdir.
Yazılarda səfirliyin məlumatına istinadla qeyd olunur ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında yaradılmış ilk demokratik və dünyəvi dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay ömür sürmüşdür. Bu tarixi mərhələdə bir çox önəmli addımlar atılmış, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilmiş, ölkədə çoxpartiyalı sistem hökm sürmüş, müsəlman qızlar üçün ilk məktəb qurulmuş və Şərqdə ilk balet və opera yaranmışdır.
Oxucuların diqqətinə çatdırılır ki, 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazda iqtisadi cəhətdən ən güclü dövlətə çevrilmişdir. Bütün tarixi dövrlərdə Azərbaycan ilə Avropa arasında yüksək səviyyəli əlaqələr mövcud olmuşdur. Azərbaycanda demokratik inkişaf, qanunun aliliyi, yüksək səviyyəli idarəçilik, insan haqları sahələrində çox böyük irəliləyişlərə nail olunmuşdur.
Azərbaycan-İtaliya münasibətləri barədə məlumat verilən yazılarda vurğulanır ki, iki ölkə arasında həm qarşılıqlı, həm də çoxtərəfli əlaqələr inkişaf edir. Xeyli sayda İtaliya şirkəti Azərbaycanda qeyri-neft sektoruna maraq göstərir və bu əlaqələr hər il genişlənir. Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik (TAP) boru kəməri layihəsinin icrası ilə bu əlaqələr yeni səviyyəyə yüksələcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilən məqalələrdə diqqətə çatdırılır ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq qərar və sənədlər əsasında həllinin tərəfdarıdır.
Romada keçirilən rəsmi ziyafətlə bağlı məlumatların yer aldığı yazılarda vurğulanır ki, “The Westin Excelsior Rome” mehmanxanasında təşkil edilən möhtəşəm mərasimdə səfir Vaqif Sadıqov çıxış edərək Azərbaycanın milli bayramı - Respublika Gününün tarixindən, XX əsrin sonunda müstəqilliyini bərpa etmiş ölkəmizdə siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlardan və quruculuq işlərindən söhbət açmışdır.
Məqalələrin mətnlərini aşağıdakı linklərdə oxumaq olar:
http://www.agenparl.com/?p=45746
http://www.agccommunication.eu/145-caucaso/7523-azerbaijan-festa-nazionale
http://www.laziolive.net/roma/?p=697
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma