İTALİYADA EKOLOJİ CƏHƏTDƏN TƏMİZ BUTULKA HAZIRLANMIŞDIR
“Naturevorks” firmasının məhsulu olan butulka qarğıdalıdan alınan polimer materialdan hazırlanmışdır. O, neft xammalından hazırlanan plastik butulkaları xatırlatsa da, yalnız yarım il istifadə oluna bilir. Bu müddət başa çatdıqdan sonra isə öz-özünə parçalanır.
Məlum olduğu kimi, plastik butulkaların və paketlərin təkrar emalı hazırda ən mühüm problemlərdəndir. Onlar təbii mühitdə parçalanmır, əsrlərlə təbiətdə qalır, yandırıldıqda və ya çürüdükdə isə sağlamlığa təhlükə törədən maddələr buraxır.
Avropa İttifaqında 2010-cu ildə qüvvəyə minəcək direktivə görə, plastik paketlər təbii mühitdə parçalanan materiallardan hazırlanmalı və parçalanarkən zərərli maddələr buraxmamalıdır.
Statistikaya görə, İtaliya kimi ölkədə hər il 8 milyard plastik paket tullanır. Ekspertlərin fikrincə, biopolimerdən hazırlanan bir butulkanın istehsalına 0,065 kiloqram qarğıdalı sərf olunduğu halda, adi butulkanın istehsalına 0,027 litr neft işlənir. Əgər İtaliyada bütün su butulkaları bitki xammalı əsasında istehsal olunarsa, ildə 200 milyon litr neftə qənaət etmək olar. Bundan əlavə, butulkaların yandırılması zamanı əmələ gələn 320 min ton karbon qazının atmosferə buraxılmasının da qarşısı alınar.
Polimer materialların istehsalında buğda və kartofdan da istifadə edilə bilər. Onlardan plastik qablar və stəkanlar, torbalar, qida məhsulları üçün konteynerlər, sənaye qablaşdırmaları, habelə ekoloji cəhətdən təmiz uşaq oyuncaqları və ev heyvanları üçün məhsullar istehsal etmək mümkündür.