DÜNYA
İtaliyada karantin qaydaları yumşaldılır
![İtaliyada karantin qaydaları yumşaldılır](/files/2021/1/1200x630/16121226355675314996_1200x630.jpg)
Roma, 31 yanvar, AZƏRTAC
Fevralın 1-dən etibarən İtaliyada koronavirus əleyhinə qaydaların bir qismi yumşaldılacaq.
AZƏRTAC xəbər verir ki, ölkədəki 20 regiondan 11-də epidemioloji vəziyyətlə əlaqədar qüvvədə olan işıqfor sisteminin statusu narıncıdan sarıya dəyişdiriləcək. Bu restoranların (saat 18.00-dək) və muzeylərin fəaliyyətinin bərpası, eləcə də regionlararası səfərlər üçün qaydaların sadələşdirilməsi deməkdir. Karantin qaydalarının yumşaldılması, eyni zamanda, pandemiyanın ən ağır zərbə vurduğu Lombardiya regionuna da şamil olunacaq. Yeni qaydalara görə, fitnes mərkəzləri, üzgüçülük hovuzları, teatr və kinoteatrlar hələ də bağlı qalmalıdır.
İtaliya Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, növbəti həftədən ölkənin heç bir regionu işıqfor sistemində qırmızı rəngdə əks olunmayacaq. Bununla belə, epidemioloqlar əhalini yüksək optimizmə meyillənməyə çağırıblar. Tanınmış həkim, Milan şəhərindəki “Sakko“ xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin direktoru Massimo Qalli vəziyyəti şərh edərkən bildirib ki, ölkədə tətbiq edilən işıqfor sistemi infeksiyaların yayılma arealının məhdudlaşdırılması üçün uğurlu alətdir, lakin işıqforda rənglərin dəyişməsi hələ koronavirus üzərində qələbə anlamına gəlmir. Sarı zonanın elan edilməsi virusla bağlı təhlükənin ötməsini bildirmir, hər şeyi əvvəldən başlamamaq üçün bundan sonra da ehtiyatlı olmaq lazımdır.
Qeyd edilməlidir ki, İtaliyada koronavirus pandemiyası ilə bağlı vəziyyət nisbətən yaxşılaşıb. Yanvarın 31-də ölkədə 11 min 252 yeni yoluxma və 237 ölüm halı qeydə alınıb. Noyabr ayının ortalarında bu göstəricilər indikindən təxminən üç dəfə yüksək idilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma