İtaliyanın “Eurasia” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc olunmuşdur
Roma, 21 aprel (AZƏRTAC). İtaliyanın “Eurasia” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi dərc olunmuşdur.
Səfir müsahibəsində əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunmuşdur. O vurğulamışdır ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdir. Ermənilər problemin dini və etnik zəmində baş verdiyini bəyan edirlər. Ancaq məsələnin əsas mahiyyəti ermənilərin Azərbaycan xalqına qarşı uzun illərdir əsassız ərazi iddiaları ilə çıxış etmələrindən ibarətdir.
V.Sadıqov bildirmişdir ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə qurumun Baş Məclisinin, Avropa Şurasının, Avropa ittifaqının, Avropa Parlamentinin, ATƏT-in, NATO-nun və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişəyə dair sənədləri təəssüflər olsun ki, hələ də kağız üzərində qalmaqdadır.
Azərbaycanın münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən səfir demişdir: “Münaqişənin yeganə həlli yolu erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarıdır”. Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycan ərazisi olduğunu deyən V.Sadıqov qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin heç bir beynəlxalq təşkilat tərəfindən tanınmadığını diqqətə çatdırmışdır. O vurğulamışdır ki, ölkəmizin işğal olunmuş ərazilərinə səfər edənlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmadıqlarına görə arzuolunmaz şəxslər elan olunmuşlar.
İtaliya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox məlumatlandırmağın vacibliyini vurğulayan V.Sadıqov bu istiqamətdə Azərbaycan səfirliyinin fəaliyyətindən də bəhs etmişdir. Diqqətə çatdırmışdır ki, əsas hədəf münaqişə ilə bağlı həqiqətləri dolğun və dəqiq faktlarla İtaliya xalqına çatdırmaqdır.
Səfir, həmçinin münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunmuşdur. Qeyd etmişdir ki, problemin nizamlanması istiqamətində qurum bir sıra addımlar atsa da, indiyədək heç bir nəticə əldə edilməmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma