İtaliyanın “İl Giornale” qəzeti Azərbaycanın sürətli inkişafından bəhs edib
Roma, 18 iyul, AZƏRTAC
İtaliyanın “İl Giornale” qəzetinin saytında Azərbaycanın sürətli inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin İtaliya ilə əlaqələri və bir çox digər məqamların təhlil olunduğu yazı yerləşdirilib.
Müəllif əvvəlcə Dağlıq Qarabağ münaqişəsindən danışıb və bu problemlə bağlı azərbaycanlı zabitlərin, məcburi köçkünlərin fikirlərinə yer verib. Vurğulanıb ki, Azərbaycan 20 il bundan əvvəllə müqayisədə daha güclüdür, bu ölkənin iqtisadi və hərbi qüdrəti artmaqdadır. Cəbhə xəttində torpaqlarını qoruyan azərbaycanlı əsgərlər ən müasir silahlarla təchiz ediliblər. Uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qanayan yarasıdır və on minlərlə insanın həyatına son qoyub.
Müəllif Azərbaycanın paytaxtı Bakını Qafqazın Dubayı adlandırıb və vurğulayır ki, bu şəhərdə müasir elementlərlə yanaşı, tarixin izləri də özünü göstərir.
Yazıda İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun fikirləri də yer alıb: “Azərbaycan ilə İtaliya arasında əlaqələr strateji əhəmiyyət daşıyır. Xüsusilə enerji sahəsində əməkdaşlıq müsbət nəticələr verməkdədir". Bildirilir ki, Azərbaycan İtaliyanın bir nömrəli xam neft təchizatçısıdır. TAP layihəsinin reallaşması ilə bu əməkdaşlıq daha da genişlənəcək.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İtaliyaya səfəri, keçirdiyi görüşlər barədə də məlumat verilb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma