İTALİYANIN KEÇMİŞ BAŞ NAZİRİ KORRUPSİYADA TƏQSİRLƏNDİRİLİR
Berluskoni və Mills ittihamları rədd edirlər. İttiham hökmü verilərsə, onları 3 ildən 8 ilədək həbs cəzası gözləyir. Prosesdə daha 11 nəfərin, o cümlədən “Fininvest”in də daxil olduğu “Mediaset” qrupunun prezidenti Fedel Konfalonyerinin də adı hallanır.
Keçmiş Baş nazirin və onun vəkilinin cinayət işi Berluskoninin “Mediaset” media-qrupunun 1994-1999-cu illərdə ABŞ-da 479 milyon avro məbləğində teleyayım və kinoprokat hüququ alması ilə əlaqədardır.
“Fininvest” şirkəti həmin əməliyyatı vergilərdən yayınaraq, saxta firmalar vasitəsilə həyata keçirmişdir ki, bu da Berluskoniyə xeyli məbləğdə pul mənimsəməyə imkan vermişdir. Mills 1999-cu ildə “Fininvest”in fəaliyyəti ilə bağlı məhkəmədə yalan məlumat verməsinə görə Berluskonidən 600 min dollar almışdır.
Mills əvvəllər iddia edirdi ki, pulları Berluskoni ona hədiyyə vermişdir. Lakin uzunmüddətli səyahətdən sonra Londona qayıdan Mills qəfildən bildirmişdir ki, pulu ona Berluskoni deyil, digər müştərisi – gəmi sahibi Diyeqo Attanazio vermiş, özü də bunu təsdiq edən sənədləri Baham adalarında olarkən tamamilə təsadüfən tapmışdır. Gəmi sahibi isə vəkilə pul verdiyini inkar edir.
Berluskoni öz biznesi ilə əlaqədar dəfələrlə qanunu pozmaqda təqsirləndirilmişdir. Lakin əvvəllər o, ya bəraət qazanır, yaxud da qanun pozuntusunun vaxtı ötdüyündən məsuliyyətdən azad edilirdi.