İTAR-TASS AGENTLİYİNİN BAŞ DİREKTORU VİTALİ İQNATENKONUN ÇIXIŞI
- Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Arifovna!
Hörmətli Leyla!
Bu gün biz, həqiqətən, gözəl bir gün keçirdik. Lakin gözləməzdim ki, gün belə yüksək şərəflə başa çatacaq və Azərbaycan Prezidenti İlham Heydəroviç Əliyev öz ailəsi ilə buraya təşrif gətirəcəkdir.
Mənə elə gəlir ki, bu, bizim üçün xüsusi şərəfdir, Rusiyanın burada olan nümayəndələri və orada, qarlı-şaxtalı Moskvada qalanlar üçün xüsusi şərəfdir. Zənnimcə, bu, onun rəmzidir ki, bizim münasibətlərimiz nəinki səmimidir, həm də yaxşı ailədə olduğu kimidir, münasibətlərimiz ünsiyyətin çox yüksək səviyyədə, etimadın çox yüksək səviyyədə, qarşılıqlı dostluğumuzun çox yüksək səviyyədə olmasını nəzərdə tutur.
Mən nə siyasətçiyəm, nə də diplomat, mən jurnalistəm, ona görə də hər şeydən danışa bilərəm və bu imkandan istifadə edəcəyəm. Demək istəyirəm ki, yaxşı ailədə həmişə süni deyil, təbii sərbəstlik hissi olur. Mənə elə gəlir ki, buna məhz Əliyevlər ailəsi, Heydər Əliyeviç başlamışdır. Şəksiz bütün sahələrdə təzahür edən sərbəstlik hissini bu torpağa o gətirmişdir.
Cənab Prezident, birinci il deyildir ki, Sizin komandanızla, rastlaşdığımız adamlarla ünsiyyətdə oluruq. Biz son illər necə bir nəsil yetişdiyini, onun daxilən necə azad, daxilən sərbəst olduğunu görürük. Ona görə də ölkənizin bütün fəaliyyətinin nəticələri belə heyrətamiz və uğurludur.
İcazə verin, həmkarlarım adından Azərbaycan Prezidentinin və onun ailəsinin sağlığına badə qaldırım.
X X X
Sonra Azərbaycanın incəsənət ustalarının konserti oldu.
Qəbulda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazirlər, Azərbaycanın və Rusiyanın mədəniyyət xadimləri iştirak edirdilər.