İQTİSADİYYAT
ITC-nin icraçı direktoru: Kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu təşkil edir
Bakı, 13 noyabr, AZƏRTAC
Bu gün “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalandı və əminliklə qeyd edə bilərəm ki, bu sənəd KOB-ların COP konfransı zamanı aparılan müzakirələrinə mühüm töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktoru Pamela Koxamilton deyib.
O vurğulayıb ki, öncəki COP konfranslarında KOB-ların səsi eşidilmirdi.
“Buna görə də belə nəticəyə gəldik ki, kiçik və orta bizneslər (KOB) COP prosesinin vacib bir hissəsi olmalıdır. Orada nəhəng şirkətlər, qeyri-hökumət təşkilatları var idi və bizim təşkilatımız belə qərara gəldi ki, KOB-ların maraqlarını qorumalı və onları COP-un önəmli hissəsi etməliyik. COP29-da Azərbaycanın müdrik siyasətini müşahidə edərək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün yaşıl keçid üzrə Bakı koalisiyasını irəli sürdüyünə şahid olduq. Kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti önəmlidir”, - deyə Pamela Koxamilton vurğulayıb.
O, həmçinin KOBİA və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) ilə birlikdə inkişaf etməkdə olan ölkələrin kiçik bizneslərinin iqlim kontekstində perspektivlərini və çətinliklərini vurğulamağı, yaşıl keçidi idarə edə bilmələri üçün onlara dəstək göstərməyi səbirsizliklə gözlədiyini vurğulayıb.