CƏMİYYƏT
IV İslam Həmrəyliyi Oyunlarında könüllülük üçün 12,5 min nəfər müraciət edib
Bakı, 15 dekabr, AZƏRTAC
Gələn il mayın 12-22-də Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən “Bakı-2017” könüllülük proqramına qeydiyyat başa çatıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qeydiyyat prosesinin başlamasından iki aydan az müddət keçməsinə baxmayaraq, 12 min 500 nəfər IV İslam Həmrəyliyi Oyunlarında könüllü olmaq üçün müraciət edib. Könüllü olmaq üçün yeganə meyar namizədlərin 2017-ci il mayın 1-dək 16 yaşının tamam olmasıdır. Könüllü olmaq istəyən gənclərlə müsahibələr zamanı onlara könüllülük təcrübələri, maraq dairələri, dil bilikləri, gələcəklə bağlı planları, Oyunlardan gözləntiləri, komandada işləmək bacarığı və digər məsələlərlə bağlı suallar verilib.
Müsabiqədən keçən könüllülər üçün təlimlər fevraldan başlayacaq və aprelin sonu-mayın əvvəlinədək davam edəcək. Təlimlər əsasən, üç fərqli sahədə - ümumi təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol təlimi (vəzifə barədə təlim) və məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) aparılacaq. Hazırkı plana əsasən, rol və məkan təlimləri bir yerdə keçiriləcək.
Hazırda qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində müsahibələrdə iştirak edirlər. Müsahibə mərhələsinin sonunda yalnız 8 min könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaqlar. Gənclər Oyunlar zamanı həmin bilikləri tətbiq etmək imkanı qazanaraq uğurlu gələcək üçün qiymətli təcrübə sahibi olacaqlar.
Könüllülük proqramı ilə bağlı ən son yenilikləri “Bakı-2017” könüllülərinin “Facebook” səhifəsindən izləmək mümkündür.