İYUNDA HAVA ŞƏRAİTİ İQLİM NORMALARINA UYĞUN OLACAQ
Yağıntıların səviyyəsi normaya yaxın, bəzi bölgələrdə ondan aşağı olacaqdır. Ayın əvvəllərində yağıntı gözlənilmir, birinci ongünlüyün axırında və ayın ikinci yarısında axşam və gecə saatlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi bölgələrdə leysan olacağı proqnozlaşdırılır. Şimal-qərb küləkləri cənub-şərq küləkləri ilə əvəzlənəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 21-23 dərəcə (gecə 16-20 dərəcə, gündüz 22-25 dərəcə isti, bəzi günlərdə 28-33), yağıntının səviyyəsi normadan aşağı (9-12 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 22-25 dərəcə (gecə 17-20 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq, ayın sonunda 34-36 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normadan aşağı (21-35 mm) olacaqdır. Bəzi günlərdə şimal-şərq küləyi əsəcəkdir.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu 13-15 dərəcə (gecə 7-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq, bəzi günlərdə 23-27 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (90-130 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 20-23 dərəcə isti (gecə 13-18 dərəcə, gündüz 25-28 dərəcə, bəzi günlərdə 32-34 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (50-58 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 17-21 dərəcə isti (gecə 13-16 dərəcə, gündüz 21-25 dərəcə isti olacağı, ayın axırında 28-33 dərəcəyə çatacağı), yağıntının səviyyəsinin normaya yaxın (18-179 mm) olacağı gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 22-25 dərəcə isti (gecə 16-20 dərəcə, gündüz 27-32 dərəcə olacaq, ayrı-ayrı günlərdə 34-36 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (12-49 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 20-23 dərəcə isti (gecə 13-18, gündüz 24-28 dərəcə isti olacaq, bəzi günlərdə 30-32 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (29-47 mm) olacaqdır.