SİYASƏT
Kamilə Əliyeva: Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz olacaq
Bakı, 28 may, Səadət Hakıyeva, AZƏRTAC
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olur. Düz 103 il öncə, Şərq-müsəlman aləmində ilk hüquqi, demokratik, dünyəvi dövlətin əsası qoyuldu. Böyük ziyalılarımızın, mütəfəkkirlərimizin, tarixi şəxsiyyətlərimizin, qurucu babalarımızın illərlə apardıqları mübarizə sayəsində 1918-ci ilin mayın 28-də müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Düzdür, ilk müstəqil dövlətimizin ömrü çox təəssüflər olsun ki, uzun çəkmədi. Cəmi 23 ay yaşadı. Amma bununla belə həmin 2 illik dönəm, 23 aylıq dövr xalqımızın tarixinə, yaddaşlara qızıl hərflərlə həkk olundu. Belə ki, AXC dövründə ən mühüm addımlardan biri kimi qadınlara seçmək və seçilmək hüququnun verilməsi oldu. Halbuki, dünyaya insan haqlarından, demokratiyadan dərs keçməyə çalışan bəzi aparıcı Qərb, Avropa dövlətləri qadınlara bu hüququ illər sonra verdilər. Eyni zamanda, qısa müddət ərzində parlamentarizm ənənələrinin əsası qoyuldu.
1919-cu ilin dekabrında çoxpartiyalılıq əsasında formalaşdırılan Azərbaycan Parlamentinin ilk iclası keçirildi. Bu parlamentdə çox saylı qanun və qərarlar qəbul olundu. Həmçinin Azərbaycanda savadsızlığın aradan qaldırılması sahəsində önəmli addımlar atılmağa başlandı. Azərbaycanda ali məktəblərin flaqmanı olan Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. Bu, bir daha onu göstərir ki, Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Deputat Xalq Cümhuriyyətinin ölkəmizdə elm və təhsilin inkişafında xidmətlərini qeyd edərək bildirib ki, xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu. Bu, təhsilin doğma Azərbaycan dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq Azərbaycanlı uşaqların doğma dildə təhsil alması hüququ qanuniləşdirildi: “AXC Azərbaycan xalqının ruhundan doğan bir cümhuriyyət olmuşdur. Sonra 71 il ərzində başqa bir dövlətin, quruluşun tərkibində yaşamalı olsaq da, AXC-ni xalqımızın qan yaddaşından, ruhundan qoparmaq, hafizələrdən silmək mümkün olmadı”.
Kamilə Əliyeva vurğulayıb ki, ikinci dəfə müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olan ümummilli lider Heydər Əliyevin qoyduğu yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz və nüfuz sahibinə çevrilib. Dövlətimizin başçısına Respublika Günü münasibətilə dünyanın bir sıra dövlət başçıları və nüfuzlu təşkilat rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları bunun bariz nümunəsidir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz olacaq, bizi qarşıda yeni zəfərlər və qələbələr gözləyir”.