Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ontario əyaləti parlamentinin qarşısında keçirilən aksiyada Toronto və Vaterlo universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız iştirak etmişlər.
Nümayiş zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, 1988-ci ildən davam edən erməni işğalına qarşı şüarlar səsləndirilmiş, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılmışdır.
Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmasını tələb etmiş, Kanada parlamenti deputatlarını Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırmışlar.