“KAPİTAL BANK” ASC-NİN NİZAMNAMƏ KAPİTALINDAKI DÖVLƏTƏ MƏXSUS SƏHMLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİ BAŞA ÇATMIŞDIR
Azərbaycanda maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi üçün Prezidentin “Kapital Bank” ASC-nin nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin özəlləşdirilməsinə dair müvafiq Sərəcamının icrası ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Kapital Bank”ın nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin özəlləşdirilməsi ilə bağlı əlaqədar dövlət qurumlarının nümayəndələrindən ibarət özəlləşdirmə komissiyası yaradılmışdır. Özəlləşdirmə komissiyası tərəfindən bankın nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin bankın əmək kollektivi üzvlərinə və qanunvericiliklə onlara bərabər tutulan şəxslərə, eləcə də fiziki və hüquqi şəxslərə satışı prosedurları müəyyən edilmiş, iddiaçıların qiymətləndirilməsi və seçilməsi meyarları dəqiqləşdirilmişdir.
Özəlləşdirilmənin daha şəffaf şəraitdə aparılması, beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilməsi məqsədi ilə cəlb edilmiş “Ernst ənd Young” beynəlxalq məsləhətçi şirkəti və OMNİ hüquqi şirkətindən ibarət konsorsium “Kapital Bank” ASC-nin özəlləşdirilməsi ilə bağlı zəruri məlumatlar və qiymətləndirmə hesabatları, məlumat memorandumları hazırlamışdır. Eyni zamanda, özəlləşdirmə ilə bağlı Azərbaycan və ingilis dillərində hazırlanmış məlumatlar KİV-də dərc edilmiş, komitənin internet saytında yerləşdirilmişdir.
Bankın nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin 5 faizinin nominal dəyərlə bankın əmək kollektivi üzvlərinə və qanunvericiliklə onlara bərabər tutulan şəxslərə, həmçinin dövlətə məxsus səhmlərin 10 faizinin fiziki şəxslərə satışı həyata keçirilmişdir. Fiziki şəxslər üçün nəzərdə tutulan bütün səhmlər satılmış və qalib fiziki şəxslərlə səhmlərin alqı-satqı müqaviləsi imzalanmışdır.
Bankın nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin 85 faizinin hüquqi şəxslərə satışı ilə bağlı iki mərhələ üzrə müsabiqə formasında hərrac təşkil edilmişdir. Məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq özəlləşdirmə komissiyasının qəbul etdiyi qərara əsasən, “AtaHoldinq” ASC və “Paşa Holdinq” MMC-nin hər biri səhmlərin 30, “Xalq” sığorta MMC 15, “AzərsunHoldinq” MMC isə 10 faizinə sahib olmuşlar. Qalib hüquqi şəxslərlə alqı-satqı müqaviləsi imzalanmışdır.