Kapital bazarlarının inkişafı istiqamətində müzakirələr aparılıb
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Fond Birjasının (BFB) birgə əməkdaşlığı çərçivəsində “Korporativ idarəetmə standartlarının tətbiqinin idarəetmə proseslərinin səmərəliliyinin yüksəldilməsi və biznesin gəlirliliyinin artırılması baxımından faydası, biznes etikası və korporativ sosial məsuliyyət prinsiplərinin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, məqsəd korporativ idarəetmə standartlarının prinsipləri və tətbiqinin xüsusiyyətləri, idarəetmə proseslərinin səmərəliliyinin yüksəldilməsi və biznesin gəlirliliyinin artırılması, kapital bazarında maliyyələşmə imkanlarının müəyyən edilməsi, korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.
Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, İqtisadiyyat Nazirliyinin və “Azfinance” investisiya şirkətinin nümayəndələri tərəfindən kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçirilib. Eyni zamanda, iştirakçılarla birlikdə kapital bazarlarının inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb.
Kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edilir.