Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 4 min nəqliyyat vasitəsi geri qaytarılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4 min nəqliyyat vasitəsi müəyyənləşdirilərək geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıb. Onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət olunmasını xahiş edir.