Kardioloji xəstəliklərə müasir tibbi yanaşmalar və kardiologiya sahəsində yeniliklər müzakirə olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında damar və ürək-damar cərrahları üçün seminar keçirilib. Almaniyanın Mannheim Cərrahiyyə Klinikasının layihəsi olan seminarda kardioloji xəstəliklərə müasir tibbi yanaşmalar və kardiologiya sahəsində yeniliklər müzakirə olunub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, klinikanın tədris və elmi məsələlər üzrə direktor müavini, professor Davud Pənahov seminarda çıxış edərək kardiologiya sahəsində qazanılan uğurlardan, eləcə də mövcud problemlərdən söhbət açıblar. Bu mövzuda seminarın həm biliklərin artırılması və mübadiləsi, həm də praktikanın gücləndirilməsi baxımından önəmli olduğu diqqətə çatdırılıb.
Seminarda Mannheim Universiteti Xəstəxanasının Damar cərrahiyyəsi şöbəsinin professoru Maykl Kizenin “Torakal aorta cərrahiyyəsində yeniliklər”, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti, professor Kamran Musayevin “Torakal aorta cərrahiyyəsində Azərbaycan təcrübəsi” mövzusunda məruzələri dinlənilib. Eyni zamanda, Mannheim Universiteti Xəstəxanasının Damar cərrahiyyəsi şöbəsinin mütəxəssisi, ATU-nun məzunu Vüqar Yaqublu, ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzizov seminarda rezidentlərin iştirakı ilə praktiki cərrahi təhlil aparıb.
Seminarın işində kardiocərrahlar, kardioloqlar, rezidentlər və rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent Namiq Xəlilov iştirak ediblər.