Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının elmi-pedaqoji təcrübələri onlayn şəkildə aparılır
Bakı, 18 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması üçün Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı əsasında akademiyanın magistrantları üçün distant tədris təşkil edilib. AMEA-nın magistratura təhsili verən bütün institutlarında, o cümlədən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantlar üçün dərslərə onlayn formada başlanılıb və hazırda davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda elmi müəssisədə 6 ixtisas - qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, fiziki-kimya, yüksəkmolekullu birləşmələr kimyası, Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi, kompozisiya materialları kimyası üzrə təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər onlayn rejimdə aparılır.
İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. Qeyri-üzvi kimya ixtisası üzrə Gündüz Həsənov, yüksəkmolekullu birləşmələr kimyası ixtisası üzrə Cəmilə Quliyeva, fiziki kimya ixtisası üzrə Nuray Abışova, kimyəvi kinetika və kataliz ixtisası üzrə Telli Rəhimzadə, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisası üzrə Xədicə Rüstəmli, eləcə də Polimer Materialları İnstitutundan yüksəkmolekullu birləşmələrin kimyası ixtisası üzrə Röyal Quliyev və kompozisiya materiallarının kimyası və texnologiyası ixtisası üzrə Sevil Şərbətli, həmçinin Radiasiya Problemləri İnstitutundan təbii və fizioloji maddələr kimyası ixtisası üzrə Əfsanə Ağayeva Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi-pedaqoji təcrübədə olmaqla I kurs magistrantlara onlayn dərslər keçirlər. II kurs magistrantlar isə dissertasiya işlərinin üzərində işləyirlər.
Magistrantların elmi rəhbərləri onların keçirdikləri dərslərə onlayn qoşulur, həm tədris prosesinin incəlikləri, həm də dissertasiya işlərinin yekunlaşdırılması üçün elmi-metodiki məsləhətlər verirlər.