Katoliklər ilk dəfə Müqəddəs II İoann Pavel gününü qeyd edirlər
Bakı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 22-də Roma katolik Kilsəsi ilk dəfə 1978-2005-ci illərdə Müqəddəs Taxt-tacın sahibi olmuş Müqəddəs II İoann Pavel Gününü qeyd edir. Həmin gün onun varisi Papa XVI Benedikt tərəfindən təsis olunmuşdur.
Əslən Polşanın Vadovitse şəhərindən olan Karol Voytıla (1920-2005) 2011-ci il mayın 1-də beatifikasiya olunmuşdur.
Müqəddəs Taxt-tacın mətbuat xidmətindən bildirmişlər ki, əsas təntənələr Romada və Polşa yeparxiyalarında keçirilir. Lakin slavyan mənşəli birinci pontifikin xatirəsinə ibadətlər və yığıncaqlar Yer kürəsinin bir çox şəhərlərində keçiriləcəkdir.
Minlərlə gənc dindar günün ikinci yarısında Lateran təpəsində patriarx Müqəddəs İoann Bazilikasına toplaşacaqdır. Burada Roma Papasının vikarisi kardinal Aqostino Vallini İlahi liturgiya yerinə yetirəcəkdir. İlkin proqrama görə, Papa Voytılanın gənc yetirmələri və tərəfdarları II İoann Pavelin nəşinin yerləşdiyi Vatikandakı Müqəddəs Pyotr Kilsəsinə doğru getməliydilər. Lakin oktyabrın 15-də Romada baş vermiş iğtişaşlardan sonra paytaxt meri Canni Alemannonun qərarı ilə Əbədi şəhərin mərkəzində kütləvi nümayişlər bir ay müddətinə qadağan edilmişdir. Ona görə də yürüş təxirə salınmışdır.
Bundan əlavə, Papa Voytılanın Romanın Termini vağzalının qarşısında ucaldılmış yeni tunc abidəsinin önünə əklillər və çiçəklər qoyulacaq, Romanın “İlahi məhəbbət” məbədində müqəddəs elan edilmiş II İoann Pavelin mozaik portretinin açılış mərasimi olacaqdır. Polşanın və digər ölkələrin müxtəlif şəhərlərində Karol Voytılanın xatirəsinə ucaldılmış abidələrin və xatirə lövhələrinin açılışı olacaqdır.
Xatırladaq ki, Roma Papası II İoann Pavel ümummilli lider Heydər Əliyevin dəvəti ilə 2002-ci il mayın 22-23-də Bakıya səfər etmişdi. O, dünyanın ən azsaylı katolik icmalarından birində Müqəddəs Messa ibadətini yerinə yetirmişdi. Papanın Bakı İdman Sarayında moizəsini 5,5 min adam dinləmişdir. Roma Papasının səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda katolik kilsəsinin tikintisi üçün torpaq sahəsi ayrıldığını elan etmişdir.
2008-ci il martın 7-də Bakıda katolik kilsəsinin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, müxtəlif konfessiyaların və mülki hakimiyyət orqanlarının nümayəndələri, xarici ölkələrin diplomatik missiyalarının əməkdaşları iştirak etmişlər.
Kilsədə ibadət rus və ingilis dillərində icra olunur. İbadət mərasiminin başlandığını mərhum Polşa prezidenti Lex Kaçinskinin hədiyyə etdiyi kilsə zəngləri xəbər verir.