KƏND TƏSƏRRÜFATI NAZİRİ LİTVALI HƏMKARI İLƏ GÖRÜŞMÜŞDÜR
Nazir qonağı səmimi salamlayaraq, ona Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticələri, reallaşdırılan qlobal nəqliyyat və energetika layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, qeyri-neft bölməsinin inkişafı haqqında ətraflı məlumat vermişdir. O, aqrar islahatların uğurları, sahəyə dövlət qayğısı, elmi nailiyyətlərin tətbiqi barədə də danışmış, kənd təsərrüfatı məhsullarının ilbəil artdığını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalçısından bu məhsulları ixrac edən ölkəyə çevrilmişdir.
İsmət Abasov aqrar sahədə beynəlxalq əlaqələrin inkişafından söz açmış, respublıkamızın digər ölkələrlə, o cümlədən Litva ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Onun sözlərinə görə, əməkdaşlıq üçün geniş imkanlar vardır. Bu, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, baytarlıq, aqroservisin təşkili, aqrar elm sahəsində təcrübə mübadiləsi, birgə emal müəssisələrinin yaradılması və sair ola bilər.
Rimantas Çeponis səmimi qəbul və ölkəsinin ünvanına deyilən xoş sözlər üçün təşəkkür etmiş və bildirmişdir ki, doğrudan da, hər iki ölkənin beynəlxalq sahədə əməkdaşlığı sevindiricidir. Lakin hələ qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafı üçün çox iş görülməlidir. Nazir müavini əmin olduğunu bildirmişdir ki, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrimiz bundan sonra da inkişaf edəcəkdir. Hər iki ölkə rəhbərinin siyasi iradəsi buna mühüm zəmanətdir.