KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ ÜMUMMİLLİ LİDERİN DOĞUM GÜNÜ QEYD EDİLMİŞDİR
Bakı, 5 may (AZƏRTAC). Mayın 5-də Kənd Təsərrüfatı Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi ilə bağlı yığıncaq keçirilmişdir.
İştirakçılar əvvəlcə foyedə dahi şəxsiyyətin büstü önünə əklil qoymuş, güllər düzmüşlər.
Kənd təsərrüfatı naziri İsmət Abasov yığıncaqda çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərindən söz açmışdır. Qeyd etmişdir ki, ötən əsrin 70-ci illərində təkcə bol nefti və pambığı ilə deyil, soyuducuları və kondisionerləri ilə də tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısına çevrilmişdir. Nazir vurğulamışdır ki, 1993-cü ildə ulu öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkənin iqtisadiyyatı tənəzzülə uğramışdı. Sənaye müəssisələri işləmir, sabitsizlik isə xarici investorları ölkəyə gəlməkdən çəkindirirdi. Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə strategiyanı həyata keçirməyə başladı. 1995-ci ildən etibarən ölkədə makro-iqtisadi sabitlik yarandı.
Natiq ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin iqtisadi qüdrəti artdıqca qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına dövlət büdcəsindən daha çox vəsait yönəldiyini diqqətə çatdırmışdır. “Bütün bunların sayəsində artıq Azərbaycan regionda lider dövlətə çevrilmişdir”, - deyə İ.Abasov vurğulamışdır.
Çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi zamanı ölkədə aqrar islahatların, özəlləşdirmənin, neft strategiyasının, sahibkarlığın, qeyri-neft sektorunun inkişafının təməli qoyulmuşdur. Nəticədə ölkədə iqtisadiyyatın inkişafında sabitlik yaranmış, artım, büdcə-vergi və pul-kredit siyasətində tarazlıq əldə olunmuş, inflyasiyanın səviyyəsi minimuma endirilmişdir.
######
