Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası tənzimlənəcək
Bakı, 11 iyun, AZƏRTAC
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası (quraşdırılması) tənzimlənəcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılmış Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Hazırda Torpaq Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq mümkündür.
Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcəkdir. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması Məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcək.
Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcək, bu tikililərin inşa edilməsi və quraşdırılması Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tənzimlənəcək.
Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər:
• sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər;
• tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
• istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.
Qanun layihəsi hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə öyrənilib və ondan istifadə edilib.