REGİONLAR
Kəngərli rayonu ərazisində top mərmisi tapılıb


Naxçıvan, 4 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 millimetrlik və 1 ədəd 110 millimetrlik qəlpəli top mərmisi olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.